×
A
A
A
Sazlamalar

Şərqşünaslıq İnstitutu ilə İraqın Strateji Araşdırmalar Mərkəzi arasında memorandum imzalanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru Mutazz Muhi Abdul-Hamid AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iraqlı qonaq ilk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzi arasında imzalanacaq memoranduma əsasən əməkdaşlıq imkanları ətrafında söhbət aparılıb.
Sonra Mutazz Muhi Abdul-Hamid Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. Akademik Gövhər Baxşəliyeva Mutazz Muhi Abdul-Hamidin Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə çatdırılmasında böyük işlər gördüyünü qeyd edib. İraqlı qonaq imzalanacaq sənədin həm Azərbaycan şərqşünaslarının, həm də İraq alimlərinin qarşısında geniş imkanlar açacağını bildirib.
Daha sonra AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzi arasında memorandum imzalanıb. Sənədi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva və İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin sədri Mutazz Muhi Abdul-Hamid imzalayıblar.
Bu sənəd iki təşkilat arasında tədqiqat və mədəniyyət sahəsində konstruktiv əməkdaşlığın yaradılması, iki ölkə arasında dostluğun möhkəmləndirilməsi üçün mühüm əsas sayılır. Ortaq elmi əməkdaşlığı həyata keçirmək üçün tərəflər qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparacaq, elm, mədəniyyət və ədəbiyyat sahəsində qarşıya qoyulmuş hədəflər istiqamətində fəaliyyət göstərəcəklər.
Memorandumda elm, mədəniyyət və ədəbiyyatın təbliğinin gücləndirilməsinə nail olmaq məqsədilə qarşılıqlı maraq doğuran işlərin planlı təşkili, bu sahələrdə araşdırmaların və əməkdaşlığın genişləndirilməsi, İraq və Azərbaycan elmi mərkəzləri arasında əlaqələrin və dialoqun gücləndirilməsi, təcrübə və fikir mübadiləsinin aparılması, əldə olunan uğurların təbliği məqsədilə İraqda və Azərbaycanda konfransların təşkili, əsərlərin tərcüməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulur. Həmçinin Azərbaycan və İraq xalqlarının mədəniyyəti və ədəbiyyatına aid yazıların nəşri sahəsində əməkdaşlıq, əsərlərin mübadiləsi, eləcə də İraq və Azərbaycan tədqiqatçıları, o cümlədən magistratura və doktorantura mərhələlərinin tələbələri arasında mübadilənin aparılması planlaşdırılır.

Elm və təhsil 2022-09-24 11:01:00