×
A
A
A
Sazlamalar

“Əsgərə məktub” layihəsi çərçivəsində matroslara ünvanlanmış məktublar duyğulu anlar yaşadıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi ilə “Əsgərə məktub” layihəsi üzrə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin nümayəndələri Sahil Mühafizəsinin Heydər Əliyev ideoloji mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanış olublar. Sonra Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, Vətən müharibəsində şəhid olan Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Dövlət Himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə çıxış edənlər ölkəmizin müqəddəs sərhədlərinin etibarlı mühafizəsini və müdafiəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinin mühüm yer tutduğu vurğulanıb və bu istiqamətdə mütəmadi olaraq müxtəlif tədbirlərin həyata keçirilməsi qeyd olunub. Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidməti və ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən hərbi-vətənpərvərlik tədbirlərinin xüsusi yer tutması bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ideyası, təşəbbüsü və siyasi iradəsinin nəticəsi kimi yaranmış “ASAN xidmət”in ölkəmizin brendinə çevrilməsi, həmçinin çoxsaylı uğurlara nail olması, dünyanın bir çox qabaqcıl ölkələrinin bu xidmətin təcrübəsindən bəhrələnməsi qürurverici bir hal kimi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
“Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar matroslara çatdırılıb. Xalqımızın Vətən keşiyində dayanan cəsur övladlarına sonsuz güvən hissinin və rəğbətinin qeyd olunduğu məktublar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin “Əsgərə məktub” layihəsi iştirakçıları Sahil Mühafizəsinin bazasında Sərhəd gözətçi gəmiləri, Gəmi Təmiri Zavodu, Tədris Mərkəzi, Komanda İdarəetmə Mərkəzi və Sahil Mühafizəsinin Muzeyi ilə tanışlıqdan sonra DSX-nin Kinoloji Mərkəzində sərhədçi kinoloq-mütəxəssislərinin xidməti itlərlə nümunəvi çıxışlarını izləyiblər.
Könüllülər tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.

Cəmiyyət 2022-09-24 10:23:00