×
A
A
A
Sazlamalar

Yaponiyanın mərkəzi hissəsinə çatan “Talas” tropik qasırğası nəticəsində ölən və yaralananlar var

Tokio, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Yaponiyanın mərkəzi hissəsinə çatan “Talas” tropik qasırğası nəticəsində azı bir nəfər həyatını itirib, yaralananlar var.
AZƏRTAC Yaponiya KİV-ə istinadla xəbər verir ki, Şizuoka prefekturasında yaşayan təqribən 1 milyon 80 min nəfərə təxliyə xəbərdarlığı göndərilib. Həmin regionda təhlükə xəbərdarlığı ən yüksək həddə qaldırılıb. Yerli hakimiyyət orqanları çayların daşması və torpaq sürüşmələri barədə xəbərdarlıq yayıb. NHK telekanalının məlumatına görə, Şizuoka prefekturasının dağlıq ərazisində torpaq sürüşməsi nəticəsində artıq bir nəfər həyatını itirib, daha üç nəfər müxtəlif dərəcəli xəsarət alıb. Son 12 saatda bu prefekturaya təqribən 400 millimetrdən çox yağıntı düşüb.
Tufan nəticəsində ölkənin qərb, mərkəzi və şərq hissələrində sürətli “Shinkansen” qatarları da daxil olmaqla dəmir yolunda fasilələr yaranıb.
Qeyd edək ki, bu, sentyabrda Yaponiya ərazisində fəsadlar yaradan sayca üçüncü tufandır. Buna qədər baş verən “Hinnamnor” və “Nanmadol” tufanları nəticəsində üç nəfər həlak olub, 130 nəfər yaralanıb. Təbii fəlakətlər ölkə ərazisində avtomobillərin, dəmir yolunun və avianəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Bir sıra rayonlarda elektrik enerjisinin verilişi kəsilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-09-24 08:39:00