XİN: Zəngəzur dəhlizinin İranın Ermənistanla sərhədini kəsməsi kimi qələmə verilməsi reallıqdan uzaqdır
Bakı, 23 sentyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “İran tərəfi Zəngəzur dəhlizini İran-Ermənistan sərhədinin kəsilməsi kimi qəbul edir. Bu məsələ İran tərəfi ilə təmaslarda müzakirə edilibmi” sualına cavabında söyləyib.
L.Abdullayeva qeyd edib ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmir yolu əlaqəsi kəsilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 2022-ci il sentyabrın 22-də Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir.
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir VİDEO
Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib