×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı Helsinkidə keçirilən seminarda Ermənistanın sentyabr təxribatı barədə danışıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və ekologiya komitəsinin sədri Azay Quliyev Finlandiyanın paytaxtı Helsinkidə “Avropanın dəyişən təhlükəsizlik arxitekturasında ATƏT və onun Parlament Assambleyasının rolu” mövzusunda keçirilən seminarda iştirak edib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən deputat ATƏT-i tənqid edib. Bildirib ki, ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələnməsinin və Helsinki dekoloqunun heçə sayılmasının əsas səbəblərindən biri ikili standartlar və selektiv yanaşmalardır. Qeyd edib ki, bu ikili yanaşma, xüsusilə Ermənistan və Azərbaycan arasında keçmiş münaqişənin həllində özünü göstərib.
“Belə ki, münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu bir tərəfdən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalın qanunsuz nəticələrini legitimləşdirməyə çalışdı, digər tərəfdən, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən ruhlanan Ermənistan 30 il Azərbaycanın 20 faiz ərazisini işğalda saxlamağa nail oldu. Lakin Azərbaycan 2020-ci ildə təkbaşına Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək münaqişəni hərbi-siyasi yolla həll etdi”, - deyə nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb.
Azay Quliyev Ermənistanın sentyabrın 12-14-də Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, Azərbaycan Ermənistanın təxribatına baxmayaraq, Brüssel sülh gündəliyinə sadiqdir və Ermənistanla qısa müddət ərzində sülh sazişi imzalamağa hazırdır. Avqustun 31-də Şarl Mişelin vasitəçiliyi ilə keçən Azərbaycan və Ermənistan liderlərinin görüşündə sülh sazişinin hazırlanması barədə mühüm razılıq əldə olunmuşdu. Sentyabr ayında hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin ilkin mətnini hazırlamaq məqsədilə görüşməli idilər.
“Azərbaycan münasibətlərin normallaşmasına əlavə töhfə vermək üçün sentyabrın əvvəlində cinayət törətmiş və məhkəmənin hökmü ilə məhkum olunmuş 5 erməni hərbçisini Ermənistana təhvil verdi. Ancaq təəssüf ki, Ermənistan ölkəmizin bu xoş niyyətinə və siyasi jestinə sentyabrın 12-də Azərbaycana hücum etməklə cavab verdi. Bundan başqa, Ermənistan tərk etdiyi Laçın və ətraf ərazilərə minlərlə yeni mina basdıraraq növbəti dəfə hərbi cinayət törətdi. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan nə Azərbaycanla qalıcı sülhə nail olmaqda, nə də 2020-ci ilin noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil. Buna baxmayaraq, hesab edirəm ki, Brüssel danışıqlar formatı hələlik ən uğurlu formatdır. ATƏT və beynəlxalq təşkilatlar Brüssel sülh gündəliyini dəstəkləməlidir”, - deyə A.Quliyev qeyd edib.
Azay Quliyev bildirib ki, qlobal təhlükəsizliyi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasında ciddi islahatlar aparılmalı, qurumun daimi üzvlərinin sayı artırılmalı və coğrafi balans təmin olunmalıdır.

Siyasət 2022-09-23 19:20:00