×
A
A
A
Sazlamalar

Zaur Əliyev Şəmkir rayonunda vətəndaşları qəbul edib

Bakı, 23 sentyabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sentyabrın 23-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.
Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Şəmkir, Gədəbəy, Ağstafa və Tovuz rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 43 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, agentliyin İdarə Heyətinin sədri Şəmkir və Gədəbəy Rayon Mərkəzi xəstəxanalarında işlə təmin olunan 28 nəfər Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü ilə görüşüb.
Qeyd edək ki, qəbul Prezident İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

 

 

Səhiyyə 2022-09-23 18:43:00