×
A
A
A
Sazlamalar

“Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin ikinci günündə panel sessiyaları keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan və Türkiyənin Səhiyyə nazirliklərinin təşkilati dəstəyi ilə Bakıda ikigünlük “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müştərək reallaşan səhiyyə biznes forumunun ikinci günündə Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalovun moderatorluğu ilə “Səhiyyədə tədqiqat və inkişaf, peyvənd tədqiqatlarında əməkdaşlıq” mövzusunda panel sessiya keçirilib. Nadir Zeynalov tədqiqat və inkişafetdirmə barədə məlumat verərək, bu işlərin peyvəndlərin hazırlanması prosesində mühüm rol oynadığını vurğulayıb. Əksər texnoloji şirkətlərin bazarda rəqabət qabiliyyətini saxlamaq məqsədilə yeni məhsulların ortaya çıxarılması, mövcud məhsulların yaxşılaşdırılması üçün tədqiqat və inkişafa dayanıqlı sərmayəyə yönləndirilməsini bildirib. Tibb sahəsində bunun əsasən əczaçılıq sektorunda tətbiq edilməsi, hər il yeni dərman formulalarının dünya bazarına çıxarılması qeyd olunub.
Panel sessiyalarda Türkiyə Səhiyyə İnstitutunun (TUSEB) direktoru Erhan Akdoğanın, TUSEB-in Peyvənd İnstitutunun direktoru Ateş Karanın, Azərbaycan Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevin və digərlərinin məruzələri dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 

Səhiyyə 2022-09-23 18:50:00