×
A
A
A
Sazlamalar

Şuşa və ətraf ərazilərin biomüxtəlifliyinə dair beynəlxalq konfrans işini davam etdirir

Bakı, 23 sentyabr, AZƏRTAC

AMEA-nın təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclaslarda akademik Fəxrəddin Qədirov “Qarabağın geoloji öyrənilməsi: qısa tarix və tədqiqatların inkişaf strategiyası”, AMEA-nın müxbir üzvü Çingiz Əliyev “Qarabağın azad edilmiş ərazilərində radioekoloji tədqiqatlar”, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Qarabağ bölgəsi üçün yeni buğda sortlarının yaradılması və ərzaq təhlükəsizliyinin təminatı”, professor Ulduz Həşimova “Şuşa və ətraf ərazilərdə uzunömürlülük problemi”, professor Səyyarə İbadullayeva və biologiya üzrə fəlsəfə doktoru Elman Yusifov “Şərqi Zəngəzurun şimal hissəsinin bitkiliyi” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun “İşğaldan azad edilmiş ərazilərin fauna müxtəlifliyinin monitorinqi”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Cavid Abdullayevin “İşğaldan azad edilmiş ərazilər üçün “yaşıl” enerji konsepsiyası və biomüxtəlifliyin qorunması: nəzəri və praktik aspektlər” və Rafiq Verdiyevin “İşğaldan azad edilmiş ərazilərin su ehtiyatı” adlı təqdimatları dinlənilib.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, beynəlxalq konfrans iştirakçılarının sentyabrın 24-də Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

Elm və təhsil 2022-09-23 18:20:00