×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Prezidentin Laçın səfəri dövlətimizin qətiyyətli mövqeyini ortaya qoydu

Bakı, 23 sentyabr, AZƏRTAC

Prezidentin Laçın səfəri dövlətimizin qətiyyətli mövqeyini və quruculuq əzmini ortaya qoydu.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Laçın erməni işğalçılarından bir güllə belə atılmadan azad edildi. Ali Baş Komandan həmin rayondakı nəhəng quruculuq işlərinə rəhbərlik etməklə, hər bir məsələni diqqət mərkəzində saxlamaqdadır: “Laçın şəhəri kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Bu fakt bir daha Prezidentimizin həm bir sərkərdə, həm də diplomat kimi nə qədər dərin düha sahibi olduğunu ortaya qoydu.
2020-ci ildə Laçını döyüşsüz azad edən Ali Baş Komandan bu gün həmin torpaqlarda, o cümlədən işğaldan azad edilən bütün ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq prosesinə rəhbərlik edir. Prezidentin Laçın şəhərinə səfəri və bu səfər əsnasında görülən işlərlə bağlı verdiyi məlumatlar Azərbaycan xalqının nə qədər sülhpərvər və yaradıcı olduğunu bir daha bütün dünyaya göstərdi”.
Cəlil Xəlilov bildirib ki, uzunmüddətli işğal dönəminə baxmayaraq, Azərbaycan xalqı heç vaxt qələbəyə inamını itirmədi, hər zaman öz Prezidentini qətiyyətlə dəstəklədi: “İşğal dövründə bütün təzyiqlərə rəğmən Azərbaycan xalqının sınmaması, mətinliyini, mübarizliyini qoruması yaxın keçmişimizin məlum həqiqətlərindəndir. 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində Vətənə sonsuz sədaqət və məhəbbətlə bağlanan Azərbaycan övladlarının düşməni heyrətləndirən misilsiz qəhrəmanlıq nümunələri yaratması bunu bir daha sübut etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə və qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində torpaqların azad edilməsi həm hərbi, həm iqtisadi, həm də mənəvi baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir. Hansı ki, zamanla bu həqiqət daha dərindən dərk ediləcək, bunun önəmi daha aydın şəkildə başa düşüləcək”.
Təşkilatın sədr müavini vurğulayıb ki, cari ilin sentyabr döyüşləri nəticəsində Azərbaycan Ordusunun əldə etdiyi yeni mövqelər, strateji yüksəkliklər düşmənin gələcək təhlükələrindən əhəmiyyətli dərəcədə sığortalanmağa imkan verəcək: “Sentyabr döyüşlərində sərhədboyu əldə olunan mövqelər istənilən erməni təxribatını qabaqcadan görməyə və önləməyə imkan verir.
Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərə yiyələnməyimizin digər üstünlükləri də mövcuddur. Bu üstünlüklərdən biri də böyük bir ərazidə önəmli kommunikasiya xətlərinə vizual nəzarət imkanı əldə etməyimizlə bağlıdır.
Sentyabr döyüşlərindən sonra Ermənistan yenidən ölkəmizə qarşı uydurma ittihamlarla çıxış etməyə, bizi “işğalçı” adlandırmağa başladı. Halbuki, bu ittihamların nə qədər saxta və əsassız olduğu hər kəsə məlumdur. Ermənistanın iddia etdiyi Azərbaycanla sərhəd xəttində ötən 30 ildə heç bir mühəndis işlərinin aparılmaması, kommunikasiyaların olmaması və s. kimi onlarla fakt bu deyilənlərin rəsmi İrəvanın növbəti yalanı olduğunu göstərir”.
C.Xəlilov qeyd edib ki, Ermənistanın Azərbaycanın sülh səylərini dəstəkləməməsi, revanşist fikirlərlə yaşaması onu yeni itkilər və ağır məğlubiyyətlərlə üz-üzə qoyacaq: “Təəssüflər olsun ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayınır. Bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir. Vətən müharibəsində məğlub olan Ermənistan öz vəziyyətini düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalıdır. Ermənistan, həmçinin Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir. Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarının birində Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq gec-tez bu dəhlizin açılacağını bildirərək demişdir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Hərbi-siyasi ekspert əlavə edib ki, Ermənistan bu həqiqəti yaddan çıxarmamalı, Azərbaycanın sülh siyasətinə mane olmamalıdır. Fərqli davranış, terror və təxribat yolu ilə nəyəsə nail olmaq cəhdi Ermənistanın növbəti faciəsi ilə nəticələnəcək, onu indikindən də ağır fəlakətli vəziyyətlə üz-üzə qoyacaq.

Cəmiyyət 2022-09-23 18:27:00