×
A
A
A
Sazlamalar

Portuqaliyada intiharların sayı 2018-ci ildən bəri ən yüksək həddə çatıb

Lissabon, 23 sentyabr, AZƏRTAC

2021-ci ildə Portuqaliyada intiharların sayı kəskin şəkildə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Portuqaliya Ədliyyə Nazirliyinin hesabatında deyilir. 2021-ci ildə 952 intihar qeydə alınıb. Bu, 2018-ci ildən bəri ən yüksək göstəricidir. O vaxt 1020 nəfər öz həyatına son qoymuşdu. Növbəti iki ildə tendensiya get-gedə əksilən olub: 2019-cu ildə - 907, 2020-ci ildə - 880 intihar qeydə alınıb.
Milli Təcili Tibbi Yardım İnstitutunun (INEM) məlumatları da göstərir ki, 2019-2021-ci illər dövründə riskli davranış və intihara cəhdlərlə bağlı zənglərin sayı 39 faiz artıb. Ötən il belə zənglərin sayı 801-dək yüksəlib.
Psixi sağlamlıq sahəsində Siyasətin Milli Əlaqələndirmə İdarəsinin üzvü Hoakim Souza Qaqo intihara meyilliliyin ehtimal edilən izahı kimi pandemiyadansonrakı sindromun adını çəkir ki, buna da işin formatının dəyişməsi, işsizlik, iqtisadi çətinliklər və təcridolunma kimi amillər şərait yaradır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2022-09-23 17:55:00