×
A
A
A
Sazlamalar

EHİM-in nümayəndə heyəti Süni Zəka üzrə Komitənin ikinci iclasında iştirak edib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 21-dən 23-dək Avropa Şurasının (AŞ) Süni Zəka üzrə Komitəsinin (CAI) ikinci plenar iclası keçirilib. Fransanın Strasburq şəhərində keçirilən iclasda Azərbaycanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasın əsas məqsədi komitə tərəfindən süni intellektin inkişafı, dizaynı və tətbiqi üçün hüquqi bazanın mümkünlüyünü və potensial elementləri araşdırmaqdır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Fariz Cəfərov “ASAN xidmət” mərkəzlərində tətbiq olunan texnoloji yeniliklər, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsində süni intellektin tətbiqi imkanları haqqında çıxış edib.
Qeyd edək ki, Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsi (Ad hoc Committee on Artificial Intelligence - CAHAI) 2019-cu ildə yaradılıb. 2021-ci ildən isə komitə öz fəaliyyətini “CAI” (Committee on Artificial Intelligence) adı altında davam etdirməyə başlayıb.

Sosial 2022-09-23 17:44:00