×
A
A
A
Sazlamalar

“Milli KSM Mükafatı 2021” müsabiqəsinə layihə qəbulu başlayır

Bakı, 23 sentyabr, AZƏRTAC

“Milli Korporativ Sosial Məsuliyyət Mükafatı 2021” müsabiqəsinə layihə qəbulu başlayır.
AZƏRTAC xəbər verir ki, artıq 4-cü dəfə ölkəmizdə təşkil ediləcək müsabiqənin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
Qeyd edək ki, 2021-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil ediləcək, BMT-nin 17 Dayanıqlı İnkişaf İstiqamətləri əsasında nominasiyalar təyin olunacaq.
Komissiyanın tərkibinə Azərbaycanın İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası, Proaktiv PR Agentliyi daxildir.
Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci ilin yanvar ayından dekabr ayınadək yerli və ya beynəlxalq şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqqında “pdf” formatında məlumatları, layihənin həyata keçirildiyini təsdiq edən foto, videomaterialları və KİV məlumatların linkini, layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və sair) haqqında ətraflı məlumatları təqdim etməlidirlər. Müsabiqədə iştirak haqqı 810 AZN təşkil edir.
Layihələr 2022-ci il oktyabrın 1-dən 30-dək qəbul olunacaq.

Cəmiyyət 2022-09-23 17:36:00