×
A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin elmi-siyasi irsinin öyrənilməsi üzrə məktəbin növbəti dərsi keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

“Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti - üçüncü dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən dərsdən əvvəl məktəb müdavimlərinin bu ali təhsil ocağının nəzdində yaradılmış Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunub.
Sonra keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə çanlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara Allahdan rəhmət, qazilərimizə şəfa dilənib.
Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyəti barədə danışıb. O deyib: “Belə tədbirləri keçirməkdə məqsəd Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandırmaqdır. Bu məktəbin əsas əhəmiyyəti ondan ibarətdir ki, xüsusilə gənc nəsil bu dahi şəxsiyyət, müstəqil Azərbaycan, dövlət quruculuğumuzun taleyüklü məsələləri barədə daha geniş məlumatlar əldə edə bilsinlər”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərov çıxışında Heydər Əliyev irsinin elmi, pedaqoji, siyasi baxımdan çox genişrakurslu olduğunu, bu isin nə qədər araşdırılsa da, yenindən araşdırılmağa və yeni məlumatlar öyrənməyə kömək etdiyini xatırladaraq bildirib: “Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların yaxşı təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıb. Bu məsələ Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də əsas istiqamətlərdən biridir. Son illərdə çox sayda gənc təhsil almaq üçün xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarına göndərilib. Bütün bunlar Ulu Öndərin gənclərin xalq üçün yararlı şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir”.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, Əməkdar müəllim,”91-lər”in nümayəndəsi Allahverdi Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, “91-lər”in nümayəndəsi, professor Hacan Hacıyev və digərləri mövzu ətrafında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.

 

Cəmiyyət 2022-09-23 17:27:00