×
A
A
A
Sazlamalar

Regionda sülhü pozmağa çalışanlara qarşı Azərbaycanın güclü iradəsinə əsaslanan sarsılmaz mövqeyi var

Bakı, 23 sentyabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün tarixi və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. İşğalçı Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmağa məcbur olub. Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe ilə bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid yaradan amil aradan qaldırılıb. Sözsüz ki, bundan sonra regionda sülhü pozmağa çalışan bütün qüvvələrə qarşı Azərbaycanın güclü iradəsinə əsaslanan sarsılmaz mövqeyi var.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını qaldırmasını tarixi hadisə adlandıran deputat deyib: “Laçının uzun illər erməni işğalında qalması bizim üçün çox ağrılı idi. 1992-ci ilin mayında Laçın şəhərinin xəyanət yolu ilə düşmən əlinə keçməsi, şəhərin yandırılması Azərbaycan tarixinin ən acı səhifələrindən biri hesab edilir. Vətən müharibəsindəki tarixi Qələbədən sonra Laçın kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsi sayəsində mümkün olub. Bu, tarixi hadisədir.
Laçın şəhəri də digər işğaldan azad edilən yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalıb. Ermənistan burada da qanunsuz məskunlaşma aparıb. Azərbaycanlılara məxsus tarixi-mədəni irsin talanmasını, oğurlamasını, mənimsənilməsi həyata keçirib. İşğalçı mahiyyətindən əl çəkməyən erməni tərəfi Laçını tərk edərkən ərazilərin minalanmasını həyata keçirib.
Otuz il ərazində ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçın şəhərinin və digər Azərbaycan torpaqlarının erməniləşdirilməsinə göz yumduğu hər kəsə bəllidir. Ona görə də, bu gün Azərbaycan cəmiyyətində Minsk qrupu kimi təşkilatların heç bir nüfuzu, hörməti qalmayıb. İkinci Qarabağ müharibəsindən sonra isə bu təşkilat birdəfəlik tarixin arxivinə göndərilib”.
A.Hüseynovun sözlərinə görə, son təxribatlar fonunda Ermənistanın hələ də sülh istəmədiyi açıq görünür. Ermənistanda olan revanşist fikirlər müstəvisində bu ölkənin delimitasiya prosesindən mümkün qədər yayındığını da hər kəs görür. Əslində isə bu prosesin uzanması Ermənistan üçün növbəti faciələrə yol açacaq. Ona görə də, erməni tərəfi qısa zamanda Azərbaycanla normal müstəvidə sülh prosesinə qayıtmalı, Zəngəzur dəhlizinin açılması istiqamətində ortada olan siyasi mövqeni düzgün qiymətləndirməlidir. Son təxribatlardan aldığı cavab da Ermənistana nəhayət ki, dərs olmalıdır. Bunun əksinə baş verəcək bütün hallar Ermənistan üçün daha ziyanlı olacaq.
Deputat qeyd edib ki, Ermənistan öz vəziyyətini düzgün qiymətləndirərək, Azərbaycanın sülh məqsədi ilə uzatdığı əli geri çevirməməlidir. Qısa zamanda sülh müqaviləsi üzrə işlərin başlanılması bölgə üçün yeni bir reallıq vəd edir. Kommunikasiyaların açılması bu regionda böyük iqtisadi-siyasi canlanmaya səbəb olacaq. Zəngəzur dəhlizi açılmalıdır. Erməni tərəfi də maksimum şəkildə Zəngəzur dəhlizi layihəsinin icra olunmasına mane olmaqdan əl çəkməlidir. Azərbaycan sözsüz ki, qarşıya qoyduğu digər vacib məsələlər kimi Zəngəzur dəhlizinin də reallaşmasına nail olacaq. Ölkəmizin bu istiqamətdə atdığı təsirli addımlar məhz bu reallığı özündə ehtiva edir.
Ermənistanın sentyabrın 12-dən başlayaraq həyata keçirdiyi təxribatlardan sonra Azərbaycanın əldə etdiyi mövqelərin istənilən addımı qabaqcadan görməyə və önləməyə imkan verdiyini də qarşı tərəf unutmamalıdır.
“Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelər bu gün Azərbaycan Ordusunun tam nəzarətindədir. Eyni zamanda, Ordumuz bu gün sərhədboyu böyük əraziyə, o cümlədən önəmli kommunikasiya xətlərinə vizual nəzarəti həyata keçirir. Ona görə də, qarşı tərəf qısa zamanda real mənzərəni dərk edib sülh və digər məsələlərdə konkret addımlar atmalıdır. Bu, Ermənistan üçün yeganə çıxış yoludur. Əks yanaşmalar Ermənistan üçün daha böyük çətinliklər yarada bilər”, - deyə Aydın Hüseynov bildirib.

 

Siyasət 2022-09-23 17:15:00