×
A
A
A
Sazlamalar

Muğam Mərkəzində “Qələbədir adın” adlı konsert-tamaşası nümayiş olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Qələbədir adın” adlı konsert-tamaşa təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Mir Sahib Ağazadənin səhnələşdirməsi, Elçin Məmmədovun quruluşu əsasında hazırlanan tamaşanın libretto müəllifi Kəmalə Abıyeva, bəstəkarı Pikə Axundova, solisti İlham Nəzərovdur.
Dövlətimizin ərazi bütövlüyü uğurunda şəhid olan Vətən övladlarının əziz xatirəsinə ithaf olunmuş tamaşa xalqımızın əzəli və əbədi torpaqlarına möhtəşəm qayıdışından bəhs edir. Səhnə əsərində bir neçə obrazı canlandıran İlham Nəzərovla yanaşı, Əməkdar artistlər Yaqut Paşazadə (Ana), Viktoriya Şahmuradova (Xarıbülbül) və Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin III kurs tələbəsi Əli Əsədov (Oğul), G.Şaroev adına 35 nömrəli musiqi məktəbinin birinci sinif tələbəsi Səid Nəzərli da çıxış edib. Film-tamaşa formatında hazırlanan tamaşa boyu səhnədə yerləşdirilən monitorda Qarabağın işğaldan öncəki görüntüləri, erməni vandalizmi və işğaldan azad olan dövrün görüntüləri təqdim edilib. Film-tamaşa şəhid anaları, qazilər və digər tamaşaçılara çox böyük təsir bağışlayıb.

Mədəniyyət 2022-09-23 16:21:00