×
A
A
A
Sazlamalar

Naxçıvanda müxtəlif turizm növləri iqtisadiyyatın prioritet istiqaməti kimi inkişaf etdirilir

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Zəngin turizm potensialına malik olan Naxçıvan qədim tarixi, gözoxşayan təbiəti ilə qonaqları özünə heyran edir. Bu gün muxtar respublikanın turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə bir qrup müəllim və tələbələrinin iştirakı ilə “Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri” mövzusunda açıq dərsdə bu məsələyə diqqət yetirilib.
Mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki, muxtar respublikada turizm xidmətlərinin səviyyəsi, müxtəlif turizm növləri iqtisadiyyatın prioritet istiqaməti kimi inkişaf edir. Naxçıvanın əlverişli coğrafi mövqeyə, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması, yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin inkişafına geniş imkanlar açır. Turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar muxtar respublikaya turist axınını şərtləndirən əsas amillərdəndir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisində mövcud olan tarixi-mədəni abidələrimiz əyilməzlik simvoludur. Burada qədim dövrlərin yadigarı olan Möminə Xatın, Yusif Küseyir oğlu, Qarabağlar və Gülüstan türbələri, həmçinin təbiət abidələri insanların marağını cəlb edir. Yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən Gəmiqaya abidəsi, Kilit və Qazma mağaraları, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincəqala, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göygöl, Əshabi-Kəhf, 200-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələri Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır. Bu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülüb, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilib, müasir tələblərə cavab verən mehmanxanalar tikilib, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya edilərək əvvəlki görkəmlərinə qaytarılıb.
Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova və həmin kafedranın müəllimi Nigar Bababəyli universitetdə Turizm işinin təşkili ixtisası üzrə tədris prosesinin təşkili haqqında danışıblar.
Sonda mərkəzdəki kitab sərgiləri haqqında məlumat verilib, çap materialları fondu ilə tanışlıq olub.

Regionlar 2022-09-23 16:17:00