×
A
A
A
Sazlamalar

Ukrayna ərzaq məhsulları ilə dolu daha 11 gəmi yola düşüb

Kiyev, 23 sentyabr, AZƏRTAC

"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində sentyabrın 23-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 11 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 201 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika ölkələrinə yola salınıb.
“Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 4,58 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 203 gəmi Ukrayna limanlarını tərk edib.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-09-23 16:12:00