×
A
A
A
Sazlamalar

MDB-nin icraçı katibi: Azərbaycan iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm sənədlər imzalayıb VİDEO

Moskva, 23 sentyabr, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi Sergey Lebedev Azərbaycanın MDB çərçivəsində qarşılıqlı fəaliyyətdə iştirakından məmnun olduğunu bildirib.
S.Lebedev Moskvada MDB İqtisadi Şurasının 95-ci iclasında AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın iqtisadi fəaliyyətdə fəal iştirak etməsini xüsusi vurğulayıb.
S.Lebedev deyib: “Böyük məmnuniyyətlə bildirirəm ki, Azərbaycan həmişə MDB-nin qorunub saxlanması və inkişafının, onun effektivliyini artırmağın, bu təşkilat çərçivəsində əməkdaşlığın tərəfdarı olub. Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda xüsusilə fəal iştirak edir. İqtisadi Şuranın yenicə başa çatmış iclasında Azərbaycan nümayəndə heyəti iqtisadi sahədə qarşılıqlı fəaliyyətin aktual məsələlərin müzakirəsində iştirak edib, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm sənədlər imzalayıb”.
MDB icraçı katibi Azərbaycanın humanitar əməkdaşlıqda iştirakını da vurğulayaraq deyib: “Bakıda müntəzəm olaraq humanitar sahəyə aid müxtəlif tədbirlər keçirilir, incəsənət və mədəniyyət, elm və təhsil xadimləri bu tədbirlərdə iştirak edirlər. Bakı mədəni-humanitar sahədə tədbirlər üçün yaxşı məkandır. Biz ölkənizin rəhbərliyinə çox minnətdarıq ki, bu məkanı təqdim edir və mədəni-humanitar əməkdaşlığın qorunub saxlanmasına, dərinləşməsinə və genişlənməsinə maksimum şərait yaradır”.
S.Lebedev daha sonra deyib: “Biz görürük ki, azərbaycanlı həmkarlarımız bu sahədə qarşılıqlı əlaqələrin dərinləşməsinə böyük maraq göstərirlər. Bunu qeyd etmək mənə xoşdur ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Heydər oğlu Əliyev, - bu yaxınlarda Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında onunla görüşmək şərəfinə nail oldum, - eləcə də Baş nazir Əli Əsədov, - onunla da yaxın vaxtlarda, Avrasiya İqtisadi Şurasının İssık-Kulda keçirilən iclasında görüşmüşük, - Azərbaycan inteqrasiya əməkdaşlığında fəal iştirak etməsinə şərait yaradır. Mən Azərbaycan vətəndaşlarına sülh, xoşbəxtlik, firavanlıq diləklərimi bildirmək, həmçinin səmimi qəlbdən arzu etmək istəyirəm ki, Azərbaycan bizim təşkilat çərçivəsində bu fəal rolunu bundan sonra da davam etdirsin”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2022-09-23 16:03:00

Video