×
A
A
A
Sazlamalar

Mədəniyyət naziri Ağdaşda vətəndaşlarla görüşüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Hər ay müxtəlif rayonlarda keçirilən qəbullarda sakinlərin müraciət və problemləri dinlənilir, həlli ilə əlaqədar müvafiq addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sentyabrın 23-də Ağdaş Rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Ağdaş Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2014-cü ildən fəaliyyət göstərən mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlar saxlanılır. Nazir burada nümayiş olunan sənəd və fotolara, müxtəlif eksponatlara baxış keçirib.
Sonra rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri işlə təmin olunma, işə bərpa olunma, əmək müqaviləsinin uzadılması, kadr məsələləri, uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə, heykəltəraşlıqla bağlı layihələrə cəlb olunma, tarixi abidənin şəxsi vəsait hesabına bərpası barədə və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Mədəniyyət 2022-09-23 15:49:00