×
A
A
A
Sazlamalar

İrəvan Teatrı yeni mövsümü "Burdan min atlı keçdi" tamaşası ilə açacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 141-ci mövsümünü görkəmli şair-dramaturq Hidayətin "Burdan min atlı keçdi" tamaşası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa oktyabrın 4-5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq.
İki hissəli tarixi-xronoloji dram ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Əsərdəki hadisələr 44 günlük Qarabağ müharibəsinin nəticələrindən olan, region üçün strateji əhəmiyyət daşıyan və bu gün reallığa çevrilən Zəngəzur dəhlizinin türk dünyasının birləşdiricisi rolunu oynayacağı məsələ ilə aktuallıq təşkil edir.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissor assistenti İmaməli İmaməliyev, rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Tamaşada aktyorlar İftixar Piriyev, Nazir Rüstəmov, Məzahir Süleymanov, Esmiralda Şahbazova, Səmayə Nəbiyeva, Natiq Həziyev, Xatirə Süleymanova, Məhərrəm Musayev və başqaları iştirak edirlər.

Mədəniyyət 2022-09-23 15:48:00