×
A
A
A
Sazlamalar

Şanxay Əməkdaşlıq Təşkilatı - çoxtərəfli əməkdaşlıq və işgüzar dialoq üçün səmərəli platforma

AZƏRTAC Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətini geniş və hərtərəfli işıqlandırdığına görə təşkilatın xüsusi təşəkkürnaməsinə layiq görülüb

Pekin, 23 sentyabr, AZƏRTAC
Dünyadakı mürəkkəb geosiyasi vəziyyət, iqtisadi qeyri-müəyyənlik, ərzaq qıtlığının yaranması təhlükəsi, sülh və sabitliyin təminatı kimi qlobal çağırışlar beynəlxalq və regional təşkilatların daha fəal rol oynamasını zəruri edir. AZƏRTAC-ın müxbiri bu kontekstdə həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində mühüm platformalardan biri olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) roluna və Azərbaycanın ŞƏT ilə genişlənən əməkdaşlığının bəzi aspektlərinə nəzər salır.
2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan və Hindistan kimi böyük ölkələr də qoşulub. ŞƏT-ə üzv ölkələrin ötən həftə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında isə İranın quruma tamhüquqlu üzv qəbul olunması prosesinə start verilib. Bundan başqa, qurumun üç müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla 9 dialoq tərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı almaq üçün müraciət edib.
Dünyanın ən böyük regional qurumu kimi ŞƏT üzvü olan ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil.
Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çinin xüsusi çəkisi var. ÇXR özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Belə ki, Çinin 2021-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 40 faiz artaraq, 343 milyard ABŞ dollarına çatıb.
Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmiz ilə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, 2018-ci ildə qurumun Pekindəki katibliyində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü, “Nizami Gəncəvi İli” çərçivəsində ötən ilin mayında “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. Heydər Əliyev Fondu Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün dahi şairin büstünü quruma hədiyyə edib. Səmərqənd sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı isə Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir.
Şanxay Əməkdaşlıq Təşkilatı ailəsindəki ölkələrin Çinin “Kəmər və Yol” strategiyasının əhatə dairəsində olması rəsmi Pekinin bu dövlətlərlə əməkdaşlığa marağını daha da artırıb. Bu kontekstdə Çin-Azərbaycan əlaqələrinin potensialı daha ümidvericidir. Tarixən mühüm ticarət yollarının üzərində yerləşən Azərbaycan müasir dövrdə də özünün iqtisadi potensialı, eləcə də nəqliyyat-logistika, tranzit imkanları ilə Avrasiya regionunda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Azərbaycanın yerləşdiyi coğrafi mövqeyindən və iqtisadi imkanlarından səmərəli istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin yaradılması istiqamətində illər əvvəl qəbul etdiyi düşünülmüş qərarların bəhrəsi getdikcə daha çox müşahidə olunur. Azərbaycan özünün nəqliyyat-logistika potensialını inkişaf etdirərək Avrasiyada yeni, alternativ dəhlizlərin yaranmasını təmin edib. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitindəki çıxışında da bu məsələyə toxunaraq, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə verdiyi sanballı töhfələri diqqətə çatdırıb, bu sahədə ölkəmizin genişlənməkdə olan imkanlarından danışıb. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həllinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayaraq, bu baxımdan Zəngəzur dəhlizinin önəmindən bəhs edib.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığının digər aspektlərinə də nəzər salaq. 2018-ci ildə Çinin Çindao şəhərində “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası” yaradılıb. Həmin zonada “Made in Azerbaijan” brendli qida məhsullarının təqdim olunduğu “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir.
ŞƏT çərçivəsində humanitar sahədə əməkdaşlığa gəlincə, Azərbaycan bu istiqamətdə də fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun yuxarıda qeyd etdiyimiz layihələri dediklərimizin sübutudur. Bundan başqa, AZƏRTAC 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilmiş ilk Media Sammitində iştirak edib. AZƏRTAC-ın İdarə Heyətinin sədri, həmin vaxt Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti olan Aslan Aslanovun iştirakı ilə Forum çərçivəsində AZƏRTAC ilə Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişi imzalanıb. Habelə Çinin nüfuzlu “China Daily” qəzeti ilə əməkdaşlığın yaradılması məqsədilə qəzetin rəhbərliyi ilə məhsuldar görüş keçirilib.
Ümumilikdə ŞƏT çərçivəsində və “Kəmər və Yol” strategiyasında informasiya sahəsində tərəfdaşlığın əsas istiqamətlərindən biri təşkilatda təmsil olunan ölkələrin media qurumları arasında xəbər mübadiləsini intensivləşdirməkdir. 2019-cu ildə Pekində AZƏRTAC-ın da təsisçisi olduğu "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması istifadəyə verilib. AZƏRTAC platformanın təsisçi-üzv statusuna malik olmaqla bu platforma üzərindən Azərbaycanın iqtisadi inkişafı, transmilli energetika və nəqliyyat layihələri, biznes və sərmayə mühiti, logistika potensialı, turizm infrastrukturu və digər mövzularda xəbərləri geniş auditoriyaya yaya bilir.
Daha bir diqqət çəkən fakt: Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətini geniş və hərtərəfli işıqlandırmasına, media məkanında təşkilatın düzgün imicinin təbliğində fəal iştirakına, gündəliyi daim diqqətdə saxlamasına görə AZƏRTAC ötən ilin sonunda ŞƏT-in xüsusi təşəkkürnaməsinə layiq görülüb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2022-09-23 15:27:00