×
A
A
A
Sazlamalar

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsinə qeydiyyat davam edir

Bakı, 23 sentyabr, AZƏRTAC

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat sentyabrın 29-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahan kağız daşıyıcılar vasitəsilə iki mərhələ üzrə təşkil olunur. Namizədlər DİM-saytında qeydiyyatdan keçə bilərlər.
İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu üzrə) sentyabrın 25-də, 2-ci mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək.
İmtahanın hər mərhələsinin davametmə müddəti 3 saatdır.
Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın 1-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın 2-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Hər sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Peşəkar mühasib sertifikatının birinci mərhələsi üzrə buraxılış vərəqəsini və yaddaş kitabçasını çap edib götürmək mümkündür.

Elm və təhsil 2022-09-23 15:27:00