×
A
A
A
Sazlamalar

İrakli Qaribaşvili: Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Gürcüstan regionda sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib.
Gürcüstan hökumət administrasiyasından bildirilib ki, baş nazir çıxışında bir çox aktual məsələlərə, o cümlədən Cənubi Qafqazdakı proseslərə toxunub. Gürcüstan hökumətinin başçısı deyib: “Biz regiondakı çətin vəziyyətə baxmayaraq, qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Bu ilin iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib. Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”.
Baş nazir qeyd edib ki, bu təşəbbüs hər hansı digər əməkdaşlıq formatlarını əvəz etmir və ya ziddiyyət təşkil etmir. Gürcüstan regional münasibətlərin normallaşmasına kömək edəcək vicdanlı vasitəçi olmağa ümid edir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-09-23 14:12:00