×
A
A
A
Sazlamalar

Qaxlı fermerlər indiyədək emal məntəqələrinə 1510 ton yaş tütün təhvil veriblər

Qax, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək “Azərtütün” ASC və “Zaqatala AGRO Industry” MMC-yə məxsus tütün istehsalı və emalı məntəqələrinə, həmçinin digər emal müəssisələrinə 1510 ton yaş tütün təhvil veriblər. Emal məntəqələrində bu günədək yaş tütün kütləsindən 137,4 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, cari mövsümdə Qax rayonunda “Azərtütün” ASC tərəfindən 131 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən 132,3 hektar, fərdi qaydada isə 110 hektar olmaqla, ümumilikdə, 373,3 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar emal məntəqələri tərəfindən 33 fermerlə müqavilə bağlanılıb. Eyni zamanda, xeyli sayda torpaq mülkiyyətçisi fərdi qaydada tütün yetişdirilməsi ilə məşğul olur. Tütün istehsalçıları bu günədək “Azərtütün” ASC-nin emal məntəqəsinə 517,7 ton, “Zaqatala AGRO Industry” MMC-yə 280 ton, digər emal müəssisələrinə isə 712,3 ton yaş tütün təhvil veriblər.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.

Kənd təsərrüfatı 2022-09-23 13:25:00