×
A
A
A
Sazlamalar

Qazaxıstanda prezidentliyə namizədliyin irəli sürülməsi prosesi başlayıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Qazaxıstanda prezidentliyə namizədliyin irəli sürülməsi prosesi başlayıb. Proses oktyabrın 11-i yerli vaxtla saat 18:00-a qədər davam edəcək.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, namizədləri irəli sürmək hüququ müəyyən edilmiş qaydada qeydə alınan ictimai birliklərə məxsusdur. Qazaxıstan konstitusiyasının tələbinə əsasən, anadangəlmə vətəndaşlığı olan, son 15 ili ölkəsində yaşayan, ali təhsilli, aktiv seçki hüququna malik, dövlət qulluğunda və ya seçkili vəzifələrdə azı beş il təcrübəsi olan və dövlət dilini mükəmməl bilən 40 yaşdan yuxarı istənilən şəxs prezidentliyə namizədliyini irəli sürə bilər.
Həmçinin prezidentliyə namizəd 3 milyon tenqe (minimum əməkhaqqının 50 misli) məbləğində ödəmə həyata keçirməlidir. Namizəd dövlət başçısı seçildikdə və ya səsvermənin nəticələrinə əsasən seçicilərin ən azı 5 faizinin səsini qazandıqda həmin vəsait geri qaytarılır, digər hallarda isə büdcəyə köçürülür. Həmçinin namizəd qeydə alınması üçün 118 mindən çox seçicinin imzasını toplamalıdır.
Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının 2022-ci il iyulun 1-nə olan məlumatına əsasən, seçici siyahısına 11,8 milyon vətəndaş daxil edilib.
Seçkiqabağı təşviqat kampaniyası oktyabrın 21-i yerli vaxtla saat 18:00-dan noyabrın 18-dək davam edəcək, noyabrın 19-u isə “sükut günü” olacaq. Mərkəzi Seçki Komissiyası noyabrın 21-dən 22-dək səsvermənin ilkin nəticələrini elan edəcək. Yekun nəticənin müəyyən olunması və seçilmiş prezidentin qeydə alınması noyabrın 21-dən 27-dək həyata keçiriləcək.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına əsasən, növbədənkənar prezident seçkiləri noyabrın 20-nə təyin olunub.

Dünya 2022-09-23 11:56:00