×
A
A
A
Sazlamalar

Yaponiya hökumətinin valyuta bazarına müdaxiləsi müəyyən suallar doğurub

Tokio, 23 sentyabr, AZƏRTAC

Yaponiya hökumətinin valyuta bazarına son müdaxiləsinin yenin qiymətinin artmasına davamlı təsir göstərib-göstərməyəcəyi ilə bağlı suallar yaranıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Tokio Valyuta Birjasında yenin dollara nisbətdə məzənnəsi 145 yen həddini aşdıqdan sonra hökumət bazar müdaxilə edib. Bildirilir ki, bu, 1998-ci ilin iyunundan bəri valyuta bazarına hökumətin ilk müdaxiləsidir. Nəticədə Yaponiyanın milli valyutası möhkəmlənərək bir dollar üçün 140 yen həddinə qalxıb.
Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmisi cümə axşamı jurnalistlərə Yaponiya hökumətinin yenin ucuzlaşması ilə bağlı hansı addımları atdığını açıqlamayacağını bildirib. Amma lazım gələrsə, hökumətin yenidən hərəkətə keçəcəyini qeyd edib. Məsələ burasındadır ki, Yaponiya hökumətinin bazara müdaxilə etmək üçün valyuta ehtiyatlarının müəyyən limiti var.
Həmçinin Yaponiya Bankının rəhbəri Kuroda Haruhikonun ABŞ Federal Ehtiyatlar Sisteminin son faiz artımından fərqli olaraq, bankın kütləvi monetar yumşaltma siyasətini davam etdirəcəyini söylədiyi bildirilir. Sentyabrın 22-də axşam jurnalistlərlə görüşən bank rəhbəri qurumun hazırda uçot dərəcəsini artırmayacağını dediyi bildirilir.
Bunun nəticəsində investorların Yaponiya və ABŞ arasında məzənnə fərqinin daha da artacağını gözləməsi səbəbindən yeni satmağa və dollar almağa davam edəcəkləri qeyd edilir.
Analitiklərin rəyinə görə, bankın bu addımı Yaponiya hökumətinin son müdaxiləsinin və gələcək hərəkətlərinin yenin hansı müddətə gücləndirəcəyini deməkdə qeyri-müəyyənlik yaradır.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-09-23 11:50:00