×
A
A
A
Sazlamalar

Sofiyada Azərbaycan dilində “Cırtdan” nağılı təqdim olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Bolqarıstanın paytaxtı Sofiyada Avropa Dilləri Günü təşkil olunub.
Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, Avropa Şurasının təşəbbüsü ilə 2001-ci ildən etibarən hər il sentyabrın 26-da Avropa Dilləri Günü qeyd edilir və hər il Sofiyada bununla bağlı müxtəlif tədbirlər keçirilir. Bu günün əsas məqsədi gəncləri daha çox dil öyrənməyə təşviq etməkdir.
Bu il Dillər Festivalı Sofiyanın mərkəzindəki Slaveykov meydanında baş tutub. Festivalın təşkilatçıları Avropa Komissiyasının Yazılı Tərcümələr Baş İdarəsi, Avstriya səfirliyi, Ukrayna səfirliyi, Polşa İnstitutu, Servantes İnstitutu, Bolqarıstanda Fransız İnstitutu, Höte İnstitutu, Şimali Makedoniya Mədəniyyət Mərkəzi, Çex Mərkəzi, Macarıstan Mədəniyyət Mərkəzi, Bolqar Elmlər Akademiyasının Bolqar Dili İnstitutu, Kamoyş İnstitutu və digərləri öz dilləri ilə bağlı təqdimat ediblər.
Avropa Dilləri Günü çərçivəsində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan dili və mədəniyyəti ilə bağlı maraqlı materiallar və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tərtib edilmiş “Dilimizə sevgi ilə...”, məşhur Azərbaycan şairləri və yazıçıların müxtəlif dillərə tərcümə olunmuş ifadələri və şeirləri paytaxt sakinlərinə təqdim olunub. Mərkəzin müdiri Sofiya Şıqayeva-Mitreska Azərbaycan dili və dövləti haqqında qonaqlara məlumat verib.
Bu il ilk dəfə festivalda iştirak edən müxtəlif ölkələrin nümayəndələri ana dillərində nağıl oxuyublar. Azərbaycan diasporunun nümayəndəsi Xadicə Simeonova Fransız İnstitutunun kinozalında yığışan uşaqlara Azərbaycan dilində “Cırtdan” nağılını oxuyub. Həmin bu təşəbbüs çərçivəsində fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılı da Avropa ölkələrinin 14 dilində, o cümlədən Azərbaycan dilində səslənib.
Bundan əlavə, Fransız İnstitutunun kinozalında Azərbaycan dilində bolqar subtitrləri ilə “Qonşu qadın” filmi nümayiş olunub və tamaşaçıların diqqətini cəlb edib.

Elm və təhsil 2022-09-23 11:47:00