×
A
A
A
Sazlamalar

Dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı keçirilib

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin esse mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, esse imtahanında namizədin ümumi dünyagörüşü, bacarıq və təcrübəsinin müvafiq vakansiyaya uyğunluğu kağız daşıyıcılar üzərində esse tipli tapşırıqlar vasitəsilə yoxlanılıb.
İmtahan başlamazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilib. İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Müstəqillik illərinin Naxçıvanı: dayanıqlı inkişaf və quruculuq dövrü” mövzusu təqdim edilib. Yazı işləri yoxlanılarkən namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, abzaslarla fərqləndirmək, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətləri, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etmə meyarları nəzərə alınaraq yaradıcılıq qabiliyyətləri qiymətləndirilib. Esse imtahanında 80 və daha çox bal toplamış namizəd müsahibə mərhələsinə buraxılır.
Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 17 namizəddən 15 nəfəri imtahanda iştirak edib, onlardan 7-si müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Regionlar 2022-09-23 11:42:00