×
A
A
A
Sazlamalar

Vebinar: Əlli dil bilən bir poliqlot və dilçi olaraq Azərbaycan dilini necə öyrəndim

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Avropa Dilləri Gününə həsr olunan “Əlli dil bilən bir poliqlot və dilçi olaraq Azərbaycan dilini necə öyrəndim” mövzusunda vebinar keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vebinarda Belçikanın Gent Universitetinin professoru, Türk dili bölməsinin müdiri, poliqlot İohan Vandeualle Azərbaycan dili nümunəsində dil öyrənmə ilə bağlı öz təcrübəsini Azərbaycanda təhsil alan əcnəbi tələbələr və digər iştirakçılar üçün bölüşəcək.
Qeyd edək ki, poliqlot Gent Universitetində Osmanlı türkcəsindən modern türkcəyə tərcümə ilə bağlı araşdırmalar aparır və türk dilinin tədrisi ilə məşğul olur. Türk dili tədrisi ilə bağlı fəaliyyəti və bir sıra dilləri dərindən bildiyinə görə müxtəlif mükafatlara layiq görülüb.
Vebinar Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Elm və təhsil 2022-09-23 11:10:00