×
A
A
A
Sazlamalar

“Şuşa İli” çərçivəsində Vyanada “Azad Şuşa” adlı konsert təşkil olunub

Vyana, 23 sentyabr, AZƏRTAC

“Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada “Azad Şuşa” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” təşkilatı tərəfindən reallaşdırılan konsert şəhərin mərkəzində yerləşən Müqəddəs Peter kilsəsində baş tutub. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Konsertdən əvvəl “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova çıxış edərək, orqan konsertinin Şərqlə Qərb arasında musiqi körpüsü rolu oynadığını bildirib. Bu ilin Azərbaycanda “Şuşa İli“ elan olunduğunu tamaşaçıların diqqətinə çatdıran F. Tahirova Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan bəhs edib. Qeyd edilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri dahi Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.
F. Tahirova xüsusilə vurğulayıb ki, bu konsert çərçivəsində Avstriyada ilk dəfə Azərbaycanın muğam musiqisi orqan musiqi alətinin ifasında təqdim ediləcək. O, bu konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Müqəddəs Peter kilsəsinin direktorluğuna minnətdarlığını bildirib.
Konsertdə ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçi orqanda bəstəkarlar Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərlərini səsləndirib.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Mədəniyyət 2022-09-23 10:55:00