×
A
A
A
Sazlamalar

Varşavada VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində Azərbaycan muğam gecəsi təşkil olunub

Bakı,23 sentyabr, AZƏRTAC

Polşanın paytaxtı Varşavada “Türk Dünyası Araşdırmaları- Multidissiplinar Perspektivlər" adlı VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə səfirlər, türkoloq alimlər, Varşavanın ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin Türkologiya və Orta Asiya Xalqları kafedrasının müdiri, Professor Aqata Bareya-Stajinska, Konqres çərçivəsində təşkil olunan musiqi gecələrinin müxtəlif mədəniyyətlərin bir araya gəlməsində mühüm rol oynadığını qeyd edərək, tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib .
Gecədə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, türk dövlətlərinin öz mədəniyyət və incəsənətini təqdim etmələrində önəmli platforma olan Konqresin türk və Avropa xalqları arasındakı əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcəyinə inandığını bildirib.
Günay Əfəndiyeva tədbirdə Azərbaycanın muğam sənəti haqqında danışaraq, türk dünyasının zəngin mədəni irsindən bəhs edib:
“Muğam - improvizasiyadır. Qəlbə anidən dolan ilhamdır. Heyranlıq, məftunluq, təsirdir.
Muğam – bir ənənədir. Çoxəsrlik Azərbaycan mədəniyyətinin şifahi daşıyıcısı, ədəbiyyat xəzinəsinin açarıdır. Nizami, Füzuli, Nəsimi, Vaqif kimi böyük şairlərin mirasının mühafizəsidir. Muğam - həqiqətdir. Həyata fəlsəfi baxışdır. Torpağa, köklərə bağlılıq, vətənsevərlikdir. Azərbaycan xalqının gerçək kimliyi, milli dəyərlərinin aynasıdır. Bir ölkənin taleyüklü torpaqlarında formalaşan yaddaşdır. Muğam – Qarabağdır. Mir Möhsün Nəvvabın, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin nəfəsi, avazıdır. 30 il öncəyədək hicran, ayrılıq, gözdən axan yaş idi. Bu gün isə böyük qürurdur, iftixardır. Türk Dünyasının ayrılmaz parçasıdır”.
Günay Əfəndiyeva çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində muğam sənətinin beynəlxalq miqyasda tanındığını vurğulayıb. Fondun prezidenti 2008-ci ildə Azərbaycan muğamının UNESCO-nun Qeyri-maddi Mədəni irsin Reprezentativ Siyahısına daxil edildiyini bildirib.
Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının maddi-mənəvi dəyərlərinin, ədəbiyyatının, musiqisinin, incəsənətinin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətindən söz açıb.
Tədbirdə tarda Rüstəm Müslümovun, kamançada Elnur Salahovun müşayiəti ilə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, solist Nisbət Sədrayevadan ibarət muğam triosu qonaqlara unudulmaz anlar yaşadıb. Gecədə Azərbaycan musiqisi ilə yanaşı, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkiyənin xalq mahnıları səsləndirilib.
Tədbirdə Qarabağın çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin, görkəmli şəxsiyyətlərinin və milli memarlıq abidələrinin əks olunduğu sərgi nümayiş etdirilib.
Sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Mədəniyyət 2022-09-23 10:54:00