×
A
A
A
Sazlamalar

Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar əkinəyararlı vəziyyətə gətirilir VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən uzun illər şoranlaşmaya məruz qalan torpaqlar əkinəyararlı vəziyyətə gətirilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun müddətdir şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilir. Bütün bu işlər Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçirilir. Plana uyğun olaraq, idarə tərəfindən 3 ədəd borulu keçid təmir olunub, 3 ədədində isə əsaslı təmir işləri davam etdirilir. Hazırda vaxtilə tikilən və istifadə müddəti bitən borular sökülərək yeniləri ilə əvəzlənir.
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən 170 kilometr məsafədə kollektor-drenaj sistemi lildən təmizlənib. Bununla da həmin kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Hazırda kollektor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi respublikanın 6 rayonuna xidmət göstərməklə ümumi uzunluğu 5 min kilometrə yaxın kollektor-drenaj şəbəkəsinə və 173 min hektar meliorasiya olunmuş əkin sahəsinə xidmət edir. İdarənin xidməti sahələri Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarının ərazilərində yerləşir.

Regionlar 2022-09-23 10:48:00

Video