×
A
A
A
Sazlamalar

İstiqlal Muzeyinin Şuşaya həsr etdiyi layihə davam edir

Bakı, 23 sentyabr, AZƏRTAC

"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən reallaşdırılan "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" layihəsi müxtəlif təqdimatlarla davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşa şəhərinə həsr olunub.
Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında qoyulub. Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad, daha sonra isə Şuşa adlandırılıb.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Dünyada bu şəhər Azərbaycan muğamının beşiyi olaraq tanınır. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın ən qiymətli nümunəsidir.
Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb.
1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilmiş Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildi. Bunun nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

Mədəniyyət 2022-09-23 10:34:00