×
A
A
A
Sazlamalar

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Pənahəli xan

Bakı, 23 sentyabr, AZƏRTAC

“Şuşa ili” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi müxtəlif mövzulu təqdimatlarla davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Qarabağ xanlığının qurucusu Pənahəli xana həsr olunur.
Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Azərbaycanın görkəmli dövlət xadimi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Pənahəli xan Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Nadir şahın sarayında eşikağası vəzifəsini tutmuş Pənahəli xan 1738-ci ildə Qarabağa qayıtmış, 1748-ci ildə isə müstəqil Qarabağ xanlığının əsasını qoymuşdur.
Əvvəlcə tikdirdiyi Bayat və Şahbulağı qəsrləri dövrün müdafiə tələblərinə tam cavab vermədiyindən Pənahəli xan yeni şəhər-qala tikdirmək qərarına gəlir və Şuşa qalasını tikir. Salındığı ilk illərdə şəhər-qalanın qurucusunun adı ilə Panahabad adlandırılmışdır. Ancaq qisa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii formasına uyğun Şuşa qalası adı ilə əvəzləmişlər.
Pənahəli xanın hakimiyyəti dövründə Şuşanın xarici aləmdə əlaqəsini təmin etmək üçün dörd qala qapısı tikilmişdi. Bu qapılardan üçünün - Gəncə, Ağaoğlan və İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatmışdır. Dördüncü qapının isə nə adı, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmayıb.
Pənahəli xan dövlət quruculuğuna xeyli vaxt ayırır, yeni pul vahidi pənahabadi və xırda mis pulun kəsildiyi zərbxana təsis edir. O, ölkənin sərhədlərini uğurla genişləndirir və qonşu dövlətlərdə öz nüfuzunu möhkəmləndirirdi. 1763-cü ildə Qarabağ xanı müəmmalı şəraitdə vəfat etdi.

Mədəniyyət 2022-09-23 10:03:00