×
A
A
A
Sazlamalar

“Talas” tropik qasırğası Yaponiyaya doğru irəliləyir

Tokio, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də yaponiyalı sinoptiklərin yaydığı məlumata görə, Sakit okeanda əmələ gələn “Talas” tropik qasırğası ölkənin şərq sahillərinə doğru yaxınlaşır.
AZƏRTAC Yaponiya meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 9-a olan məlumata əsasən qasırğa Koçi prefekturasından 300 kilometr qərbdə yerləşib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 65 kilometrə çatır. Qasırğanın şimal istiqamətində saatda 20 kilometr sürətlə hərəkət etdiyi bildirilir. Onun cümə günü axşam saatlarında Yaponiyanın şərq sahillərinə çatacağı gözlənilir.
Tropik qasırğanın Tokay, Kinki və Kanto-Koşin regionlarına özü ilə güclü yağışlar və şimşək çaxması gətirəcəyi proqnozlaşdırılır. Nəticədə Yaponiyanın həm şərq, həm də qərb sahillərində güclü külək əsəcəyi, nəhəng dalğaların əmələ gələcəyi barədə xəbərdarlıq edilib.
Sinoptiklər qasırğanın keçəcəyi ərazilərdə torpaq sürüşmələri, çaylarda daşqınlar, güclü külək və şimşək çaxması barədə xəbərdarlıq yayıblar. Həmçinin Vakayama prefekturasının 14 min sakininə qasırğanın yaxınlaşması ilə əlaqədar təxliyə barədə xəbərdarlıq göndərilib.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-09-23 08:17:00