Azərbaycan səfiri Gürcüstanın Şida Kartli bölgəsinə səfər edib
Tbilisi, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Şida Kartli bölgəsinə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfir Qori şəhərində Şida Kartli qubernatoru Mixeil Şakulaşvili və şəhər merinin birinci müavini Nika Qviniaşvili ilə görüşüb.
Qubernator Şida Kartli bölgəsində iqtisadiyyat, sosial, humanitar sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi, humanitar problemlərin və qaçqınları narahat edən məsələlərin həllinin prioritet olduğunu bildirib.
Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan M.Şakulaşvili iki ölkə və xalqı sıx dostluq və qardaşlıq münasibətlərinin birləşdirdiyini bildirib. Müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu vurğulayan qubernator Şida Kartli bölgəsinin Gürcüstanla Azərbaycan arasında regionlararası əməkdaşlığa töhfə verməyə hazır olduğunu deyib.
Gürcüstanın etnik müxtəlifliyini vurğulayan qubernator Şida Kartli bölgəsində də milli azlıq nümayəndələrinin dinc mühitdə yaşadığını, onların adət-ənənələrinin qorunub saxlanılması üçün şəraitin mövcud olduğunu bildirib.
O, bölgədə azərbaycanlıların yaşadığı kəndlərdə həyata keçirilən önəmli infrastruktur layihələri və gələcək planlar barədə danışıb.
Qori şəhər merinin birinci müavini Nika Qviniaşvili öz növbəsində şəhərin potensial imkanları və sosial-iqtisadi sahə üzrə əsas prioritetlər, şəhərin böyük turizm potensialı barədə danışıb. O, Qorinin dünyanın bir sıra ölkələrinin şəhərləri ilə qardaşlaşdığını vurğulayıb, Azərbaycan şəhərləri ilə də analoji əməkdaşlığın qurulmasını təklif edib.
Səfir Faiq Quliyev Qori şəhəri ilə yaxından tanışlığın xüsusi önəm kəsb etdiyini vurğulayıb. Səfir 2008-ci ildə münaqişə dövründə Azərbaycan dövlətinin dəstəyi ilə bölgənin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə göstərilən humanitar yardımı xatırladıb.
Bildirib ki, Azərbaycan hər zaman ən ağır dövrlərdə dost və qardaş Gürcüstana dəstəyini və yardımını əsirgəməyib. Gürcüstan da hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyinə müxtəlif regional və beynəlxalq platformalarda davamlı dəstəyini nümayiş etdirib.
Bölgədə dayanıqlı sülhün təminatında Gürcüstan hakimiyyətinin təşəbbüs və səylərini yüksək qiymətləndirən diplomat, bu kontekstdə Baş nazir İrakli Qaribaşvilinin birbaşa vasitəçiliyi ilə ötən ilin iyun ayında Azərbaycan ilə Ermənistan arasında əldə olunan humanitar razılaşma və bu ilin iyulunda iki ölkənin xarici işlər nazirlərinin Tbilisidə baş tutan ilk ikitərəfli görüşünü qeyd edib.
Səfir Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.
F.Quliyev Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə bölgədə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin önəmini də qeyd edib, həyata keçirilmiş irihəcmli investisiyaların xalqların rifahı və ölkələrin iqtisadi inkişafına xidmət etdiyini deyib. O, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Səfir bildirib ki, iki ölkənin bölgələri arasında fəal əlaqələr və səmərəli əməkdaşlığın qurulması və genişlənməsi işində regionlararası forumlar mühüm rol oynaya bilər.
Səfir Qazax və Qori şəhərlərinin qardaşlaşmasını təklif edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi