×
A
A
A
Sazlamalar

Gürcüstanda yaşayan soydaşımız Azərbaycan musiqisini xarici ölkələrdə məharətlə təbliğ edir

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Bu günlərdə Türkiyənin Nevşehir vilayətinin Ürgüp şəhərində “Ürgüp Beynəlxalq Bağ Bozumu – Üzüm Festivali” keçirilib. Festivalda Türkiyə ilə yanaşı Yunanıstan, Şimali Kipr, Gürcüstandan olan musiqi qrupları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, festivalda Gürcüstanı “Tseruli” rəqs qrupu və gənc azərbaycanlı tarzən Ramin Pirməmmədov təmsil ediblər.
Ramin Pirməmmədov bu festivalda “Ay üzlüm” və “Mənim Tbilisim” (Çemo Tbilisi) mahnılarını ifa edib.
“Tseruli” rəqs qrupunun xüsusən də gənc tarzənin ifaları alqışlarla qarşılanıb.
R.Pirməmmədov AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan musiqisinə hər zaman böyük marağım olub. Uşaq vaxtlarımızda qardaşımla birlikdə evdə məşq edərdik. Sonra da müxtəlif yerlərə müraciət etdik, amma sonunda yenə də evdə özümüz öyrənməyə başladıq. Sonradan böyük qardaşım Rasim ali məktəbə daxil oldu və tək məşğul olmağa davam etdim. Mən pianoda və tarda ifa edirdim. Amma tara marağım daha çox idi. Bu gün Gürcüstanda tar ifaçısı kimi tanınıram və müxtəlif rəqs qruplarının, ansamblların tərkibində xaricə səfərlərə gedir, Azərbaycan mahnılarını ifa edirəm”.
Qeyd edək ki, R.Pirməmmədov Tbilisidə keçirilən müxtəlif el şənlikləri və bayramlarda Azərbaycan musiqilərını ifa edir, o, hələlik yeganə tar ifaçısı kimi tanınır. Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkil etdiyi bütün tədbirlərdə Ramin gözəl mahnı və musiqilər ifa edir.
Ramin həm də tara marağı olan uşaqları öyrədir. Gənc tarzən deyib: “Azərbaycan musiqisinə hər zaman böyük marağım olub. Bu musiqiləri tarda ifa etmək, bu yolla həm musiqimiz, həm də tar aləti barədə başqa xalqların nümayəndələrini məlumatlandırmaq mənim arzumdur. Çox xoşbəxtəm ki, buna az da olsa nail ola bilirəm”.
R.Pirməmmədov deyir ki, əvvəllər də xarici ölkələrdə olub, beynəlxalq mahnı və musiqi festivallarında iştirak edib. Cari ilin may ayında İspaniyada olub. İspaniyanın Lloret de Mar şəhərində keçirilən “Fiestalonia Millenio” beynəlxalq incəsənət festivalı və müsabiqəsində iştirak edib.
Bu tədbirdə Gürcüstanı “İmedi” rəqs ansamblı, vokalçılar və tarzən Ramin Pirməmmədov təmsil ediblər.
Tbilisili soydaşımız festivalın müsabiqə hissəsində “Çahargah rapsodiyası”nı, qala konsertdə isə “Despacito” ispan mahnısını ifa edib. Tamaşaçılar məşhur mahnının çox fərqli və unikal versiyasını alqışlarla qarşılayıblar.
Qeyd edək ki, 19 yaşlı R.Pirməmmədov hazırda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 2-ci kurs tələbəsidir.
O, Gürcüstanda yeganə tar ifaçısı kimi tanınır.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2022-09-23 06:28:00