×
A
A
A
Sazlamalar

Yevlaxda “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı təşkil olunub

Yevlax, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə keçiriləcək respublika yarışlarının Yevlax rayon birinciliyi təşkil olunub. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, onların Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublika yarışlarına həsr edilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis mayoru Aydın Həşimov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli iştirak ediblər. Yarışlar Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan edilib.
Yarışda müvafiq fiziki hazırlığı olan 20-25 yaş arası gənclər iştirak ediblər. Ümumilikdə 21 gənc müəyyən olunmuş marşrut üzrə 3000 metr məsafəyə kross qaçıb, həmçinin turnik hərəkətləri üzrə öz güclərini sınayıblar. Yarış zamanı Yevlax Şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin idman bölmələrinin nümunəvi çıxışları da olub.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələr ilə təltif olunublar.

Regionlar 2022-09-22 20:22:00