×
A
A
A
Sazlamalar

AFR-də əcnəbi tələbələr üçün də çətin dövrlər başlanır

Berlin, 22 sentyabr, AZƏRTAC

Son iki ildə koronavirus pandemiyası onunla nəticələnib ki, Almaniyada mənzillərin icarə qiymətləri bir az aşağı düşüb. Bir çox marketoloqların etirafına görə, COVID-19 bahalaşmanı dayandırıb.
AZƏRTAC xəbər verir ki, indi həmin “fasilə” başa çatıb, bundan sonra icarə haqları yalnız artacaq və bu, artıq özünü göstərir.
Almaniya şəhərlərinə gələn tələbələr yeni qiymətlərdən şoka düşüblər. Onlar ərzaq məhsullarında və digər xərclərdə getdikcə daha çox qənaət etməli olurlar. İndi icarə haqqı onlara əvvəlki ilə müqayisədə 6 faiz baha başa gəlir. Nəticələri “Welt” qəzetinin bugünkü nömrəsində dərc edilmiş tədqiqatda iştirak edən bütün şəhərlərdə bu tendensiya müşahidə olunub.
Təhsil üçün ən bahalı yer Münhendir. Orada tələbələr 800 avroyadək icarə haqqı verirlər. Universitetin yaxınlığında yerləşən yaxşı təmirli mənzilin icarə haqqı bu qədərdir. Siyahıda sonrakı yerlərdə Ştutqart, Berlindir (718 avro). Ən ucuz yaşayış yerini ölkənin şərqində yerləşən Hemnits şəhərində icarəyə götürmək olar. Burada balaca bir mənzilin icarəsi kommunal xərclərdən əlavə 220 avroya başa gəlir.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-09-22 18:31:00