×
A
A
A
Sazlamalar

VI DokuBaku Beynəlxalq Film Festivalı başlayıb

Bakı, 22 sentyabr, AZƏRTAC

VI DokuBaku Beynəlxalq Film Festivalının açılış mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festivalın direktoru İmam Həsənovun təbriki ilə başlayan mərasim avstriyalı kinorejissor Mariya Arlamovskinin “Robolove” filminin nümayişi ilə davam edib.
Bu il festivalda 33 müxtəlif ölkədən 60-dan çox sənədli film nümayiş etdiriləcək. Bütün filmlər 6 kateqoriyada təqdim olunur - “Ən yaxşı tammetrajlı sənədli film”, “No main”, “Ən yaxşı beynəlxalq və yerli qısa sənədli film”, “Müsabiqədənkənar”, “DokuKids” və “DokuUA”.
Bütün filmlər festivalın “Təkamülə qarşı inqilab” adlı mövzusuna həsr olunub. Mərasimdə beynəlxalq və yerli münsiflər heyəti təqdim edilib. Onların arasında çoxsaylı beynəlxalq mükafatlar laureatı, rejissor Sergey Dvortsevoy, azərbaycanlı yazıçı, dramaturq və rejissor İsmayıl İman, “Fipadoc”un idarəedici və bədii rəhbəri Kristin Kamdessus, azərbaycanlı prodüser Leyla Dostalizadə, rumın yazıçısı və rejissoru Boqdan Mureşanu, azərbaycanlı rejissor və ssenarist Asif Rüstəmov, iranlı kinorejissor Reza Siami, bolqar jurnalist, ssenarist və rejissor Emil Spahiyski, Azərbaycanda müstəqil kino təbliğatçısı Rəşad Şirinov, həmçinin Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov yer alır.
Açılış mərasimində festival ərzində öz filmlərini təqdim edəcək bir çox beynəlxalq, eləcə də yerli kinorejissor və prodüserlərdən Pavel Lozinski, Helmut Dosantos, Aqneşka Mankieviç, Mətləb Muxtarov, Nihad İsa, Amil Amal və İlkin Yusif də iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 25-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi təşkil olunacaq.

Mədəniyyət 2022-09-22 18:20:00