×
A
A
A
Sazlamalar

Gürcüstanın “AdjaraTV12” televiziyasında “Şuşa İli”nə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Tbilisi, 22 sentyabr, AZƏRTAC

Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Gürcüstanın “AdjaraTV12” televiziya kanalında “Şuşa İli”nə həsr olunmuş xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “TV12” televiziya kanalının baş redaktoru Cemal Meqrelidze Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyini, Qarabağın tacı olan Şuşa şəhərinin xalqımız üçün müqəddəs və əziz məkan olduğunu, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu tamaşaçıların diqqətinə çatdırıb.
Bildirilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib.
Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rolu olmuş, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Qeyd edilib ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri erməni vandalizmi nəticəsində dağıdılıb.
44 günlük Vətən müharibəsində, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Aparıcı qeyd edib ki, 1918-1920-ci illərdə doğma şəhəri digər təhlükədən - rus hakimiyyətinin qanadı altında bölgəyə ayaq açan və burada məskunlaşan ermənilərin işğalçı cəhdlərindən müdafiə etmək lazım gəlmişdi. 1920-ci ilin martında Azərbaycan Cümhuriyyəti ordusu Şuşanı daşnak tör-töküntülərindən təmizləyib, şəhərin həqiqi ruhunu və simasını özünə qaytarıb.
Onun sözlərinə görə, ermənilər Şuşanın işğalını riyakarcasına onun “azad olunması” kimi qələmə verməyə çalışıblar. Rusiya imperiyasının yeni inzibati-ərazi bölgüsünə görə 1840-cı ildə qəza şəhəri statusunda Kaspi vilayətinin tərkibində olan Şuşanın 1843-cü il mayın 21-də imperator I Nikolay tərəfindən təsdiqlənmiş gerbində də onun ermənilərə məxsusluğunu cüzi də olsa xatırladan heç bir rəmzə təsadüf edilmir. Gerbin yuxarı hissəsində Kaspi vilayətinin simvolikası (Bakının da gerbində təsadüf etdiyimiz alov qüllələri) əksini tapıb, aşağı hissədə yaşıl çəmənlikdə çapan Qarabağ atı rəsm olunub. İzahedici qeyddə isə bu at cinsinin Qarabağda yetişdirildiyi, Asiya tipli yəhər və yüyənin də yerli istehsal olduğu bildirilir.
Aparıcı bir fikri xüsusi vurğulayıb ki, ermənilər iştahalarının bütün hüdudsuzluğuna baxmayaraq indiyə qədər Qarabağ atlarını “erməniləşdirə” bilməyiblər və bilməyəcəylər.
Bildirilir ki, hazırda Şuşa şəhərində infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpa edilməsi o cümlədən Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənələri bərpa edilib.
Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya səfərlərində erməni vandalizminə məruz qalmış bir sıra tarixi-mədəni abidələrdə bərpasına xüsusi diqqət edir və bu yöndə aparılan işləri xüsusi nəzarət altına saxlayır.
Şuşa şəhərinin görüntülərinin də əks olunduğu verilişdə deyilir ki, 2022-ci ilin ötən dövründə burda bir sıra Respublika və Beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunub. Həmçinin müxtəlif sənət sahələri üzrə xarici ölkələrin nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfərlər çərçivəsində Gürcüstanın tanınmış mədəniyyət xadimləri, türkoloq və ekoloqlarından ibarət nümayəndə həyəti Gəncə, Füzuli, Cəbrayıl, Şuşa və Ağdam şəhərlərində olublar.
Verilişdə, Gəncəyə atılan raket zərbələri nəticəsində şəhərin dağılmış infrastrukturu, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın maddi mədəni irsinə dəymiş ziyan, o cümlədən mina sahələri və minanın zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib. Eyni zamanda, yeni istifadəyə verilmiş Füzuli aeroportu, dağıdılmış müsəlman mədəni-tarixi abidələri, Natəvanın ev kompleksi, Xan Qızı bulağı, Şuşa Qala divarları, Pənahəli xanın sarayının qalıqları olan ərazi, Bülbülün ev-muzeyi, Cıdır düzü, eləcə də hazırda aparılan quruculuq işləri barədə televiziya izləyicilərinə məlumat çatdırılıb, sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi barədə məlumat verilib.

 

Mədəniyyət 2022-09-22 18:14:00