×
A
A
A
Sazlamalar

Məşhur fransız pianoçu Olivye Qardon Qara Qarayevin ev-muzeyində konsert verib

Bakı, 22 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində məşhur klassik fransız pianoçusu və pedaqoq Olivye Qardon Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində solo konsert verib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarına məşhur musiqiçinin həyat və yaradıcılıq yolu barədə məlumat verib, qonağa muzeyin elmi nəşrlərindən olan kitablar, notlar hədiyyə edib.
Konsert çərçivəsində Olivye Qardon tərəfindən Qərbi Avropa bəstəkarlarının əsərləri ifa olunub.
Qeyd edək ki, Olivye Qardon dünyanın bir çox nəhəng musiqi meydanlarında, Parisdə “Yelisey çölləri”, “Pleyel” zalı və “Şatle” teatrında, Londonun “Royal Festival Hall” və Barbikan Mərkəzində, Nyu-Yorkda “Karnegi Hall”, Tokioda “Bunka Kaykan Hall”, Praqada “Dvorjak Hall”da bir-birindən maraqlı konsert proqramları ilə çıxış edib.

 

Mədəniyyət 2022-09-22 18:04:00