×
A
A
A
Sazlamalar

Səbail rayonunda yerləşən tarix-memarlıq abidələri monitorinq edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən operativ monitorinqlər davam edir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, dislokasiyaya uyğun olaraq Bakı şəhəri Səbail rayonunda yerləşən tarix-memarlıq abidələri monitorinq edilib.
Paytaxtın Üzeyir Hacıbəyli küçəsində keçirilən monitorinq nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr müəyyən edilərək aktlaşdırılıb. Aşkar olunmuş müdaxilələrin aradan qaldırılması üçün obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Eləcə də Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zərrililiyi diqqətə çatdırılıb.
Vətəndaşlarımızı, mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri bir daha abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.

Mədəniyyət 2022-09-22 17:51:00