×
A
A
A
Sazlamalar

“Cənnətim Qarabağ” rubrikası davam edir

 Bakı, 22 sentyabr, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika çərçivəsində növbəti təqdimat Azərbaycanın tanınmış soylarından olan Muradovlar nəslinin daha bir nümayəndəsi Əməkdar artist Qaflan Muradova həsr olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, rubrikada Əməkdar artistin həyat və yaradıcılığı haqqında məlumat verilir.
Qaflan Məmmədrza bəy oğlu Muradov 1890-cı ilin mart ayının 22-də Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. O, ilk təhsilini 1907-1912-ci illərdə doğma yurdundakı rus-tatar məktəbində alıb. Eynilə qardaşı Murad kimi sənətə, ədəbiyyata, musiqiyə olan böyük marağı onu uşaqlıq çağlarından teatra gətirib çıxarır. Q.Muradovun gənclik dövrü Azərbaycanda milli teatrın inkişafının ilk mərhələlərinə təsadüf edir. Belə ki, həmin dövrdə Qarabağda elmə, mədəniyyətə, incəsənətə həmişə meylli olan yerli əhali arasında böyük bir canlanma yaranmışdı. Bir sıra qabaqcıl ziyalılar öz ideyalarını həyata keçirməklə maarifçilik uğrunda mübarizə aparırdılar. Onlar xalqın şüuruna təsir etmək üçün müxtəlif bölgələrdə teatr dərnəkləri quraraq şəhərin parlaq zəkalı, istedadlı şagirdlərini öz ətraflarına toplayırdılar. Təbiətində aktyorluğa məxsus bir çox bacarıqları cəmləyən gənc Qaflan da belə yığıncaqların ən fəal üzvlərindən biri olur. O, özünü həvəskar kimi səhnədə ilk dəfə 1908-ci ildə sınayır. Ağdamda Qaflanın oxuduğu məktəbin müdiri Əhməd bəy Abbasov tərəfindən günlərin birində Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası tamaşaya qoyulur. Qaflan səhnəyə Yetər obrazında çıxmalı olur. Lakin tamaşa birmənalı qarşılanmır, yaradıcı heyət kənd camaatı tərəfindən təhqirlərə tuş gəlir. Səhnədə qız-qadın obrazı yaratdığı üçün həmyerliləri onu lağa qoyur, "Qız Qaflan", — deyə ələ salırlar. Bütün maneələr, təhqirlər, hədə-qorxular bu səhnə aşiqini ruhdan sala bilmir. Çox keçmir ki, həmin təhsil ocağının bütün yaradıcı tələbələri Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yaratdığı yeni dram truppasına qəbul edilirlər. Həvəskarlar yayda əsasən Şuşada, qışda isə Ağdamda, Xankəndidə tamaşalar göstərirdilər. Q. Muradov dramaturqun hazırladığı bütün tamaşalarda çıxış edir, həmçinin truppanın xorunda da oxuyurdu. 1915-ci ildə o, könüllü olaraq Şuşaya hərbi hissəyə yollanır və orada həmçinin bədii işlərlə də məşğul olur. 1917-ci ildə Bərdədə dərnək qurub, tamaşalara rəhbərlik edir. 1918-ci ildə hərbi xidmətdən azad olunduqdan sonra doğma ata-baba yurduna qayıdaraq yeni dram kollektivləri yaradır. Dövrün teatr fədailərindən biri olan Əhməd Ağdamski ilə birgə Fəhlə-kəndli klubunun səhnəsində M. F. Axundzadənin, N. Vəzirovun, Ə. Haqverdiyevin və Ü. Hacıbəylinin əsərlərini böyük həvəslə tamaşaya hazırlayır. Onlar Qarabağın ən ucqar kəndlərində tamaşalar, konsertlər verir, nadan, avam camaatı qəflət yuxusundan oyatmağa çalışırdılar. Qardaşı Murad Muradov Qaflana və onun sənət dostlarına teatr sənəti ilə bağlı hər zaman dəyərli məsləhətlər verir, imkan düşdükcə Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov və başqa bu kimi görkəmli sənətkarlarla tanış edir. 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açılanda Q. Muradov artıq xalq arasında tanınan bir sənətkar idi. O, müxtəlif illərdə bu sənət ocağından əlavə Qarabağda fəaliyyət göstərən xalq teatrlarında, Füzuli Dövlət Dram Teatrında və eləcə də digər müxtəlif truppalarda da aktyorluq edib. O, M.F.Axundzadənin “Hacı Qara”, C.Cabbarlı “Sevil”, “Od gəlini”, Ü. Hacıbəylinin “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Toy”, M.İbrahimovun “Həyat”, G.Mdivani “Vətən namusu”, Ə.Haqverdiyev “Pəri cadu”, N.Nərimanovun “Nadir şah”, S.Qənizadənin “Dursunəli və Ballıbadı”, M.Təhmasibin “Bahar” kimi məşhur əsərlərində yaratdığı Hacı Qara, Atakişi, Altunbay, Məcnunun atası, Məşədi İbad, Soltan bəy, Kərbəlayı Hacı, Vidadi, Kərəmov, Həsənov, Yaqor, Niyaz, Təhmas, Dursunəli, Veysəl Mirzə obrazları ilə teatr tariximizə öz adını yazmış oldu.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan peşəkar teatrının ən ciddi, ağır problemlərindən biri sayılan müsəlman qadın aktrisaların yoxluğu bir çox teatr fədailərinin həyatı bahasına başa gəlirdi. Səhnədə qadın rollarını oynamağa məcbur olan və sənət yolunda həqarətlərə tab gətirən teatr fədailəri sırasında bu gün Qaflan Muradovun da adı çəkilir. O, bu çətin illərdə Ə.Haqverdiyevin “Dağılan tifaq”da Sona xanım, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah”da Şəhrəbanu xanım, Ü. Hacıbəylinin “Leyli və Məcnun”da Məcnunun anası, “O olmasın, bu olsun”da qulluqçu Sənəm, Z. Hacıbəylinin “Evliykən subay”ında Pərzad və s. bir çox tamaşalarda səhnəyə qadın obrazlarında da çıxıb. O, çalışdığı bütün sənət ocaqlarında nəinki aktyorluq edib, hətta dramaturqların əsərlərinin səhnələşdirilməsində lazımi bütün tədarüklərin görülməsi üçün canla-başla iştirak edib. Belə ki, əsrin əvvəllərində teatrlarımızda aktyor və repertuar kasadlığı ilə bərabər, rekvizit və kostyum problemi də mövcud idi. Cəhalətin və eyni zamanda, teatrlarda büdcə yoxsulluğunun hökm sürdüyü bir zamanda qadınlara məxsus geyimlərin, cəl-cəvahiratların alınaraq teatra təhkimlənməsi mümkünsüz idi. Bu səbəbdən fədailər qohumlarının pal-paltarlarından xəlvəti istifadə etməli olurdular. Q.Muradovun Teatr Muzeyinin fondunda qorunan xatirələrindən bəlli olur ki, 1910–cu ildə Ə.Haqverdiyevin “Dağılan Tifaq” tamaşasında Sona xanım obrazı üçün lazım olan kostyumu aktyor özü tədarük edib. O, səhnəyə evdə heç kimdən icazə almadan gizli götürdüyü anası İmmi xanımın libasında çıxıb. Hətta aktyor bununla kifayətlənməyib, qrim ilə öz anasının simasını, üz cizgilərini elə məharətlə yaradıb ki, tamaşa salonunda oturan qohumlarından biri “xalasını” görəndə təəccüblənib və ayağa qalxaraq etirazını bildirib. Lakin teatr heyəti onu sakitləşdirərək, hazırda səhnədə çıxış edənin İmmi xala deyil, Qaflan olduğunu izah ediblər. Aktyor sonralar bu hərəkətinə görə ailəsi və qohumları tərəfindən bərk danlandığını da etiraf edib.
Bir sözlə desək, ömrünün 60 ildən çoxunu sənətə həsr edən Q. Muradov səhnə ilə nəfəs alan bir sənətkar idi. Onun istər ciddi, istərsə də komik obraza girmək bacarığı, yaratdığı rolu həqiqi mənada yaşamaq istedadı çox güclü idi. Aktyorun fəaliyyəti daima yüksək qiymətləndirilərək müxtəlif mükafatlarla, fəxri fərmanlarla təltif olunub. 1943-cü ildə o, Əməkdar artist fəxri adına layiq görülüb.
Bütün ömrünü milli teatr sənətinin tərəqqisinə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin inkişafına sərf edən Qaflan Muradov 1970-ci il aprelin 14-də Ağdamda vəfat edib.

Mədəniyyət 2022-09-22 15:29:00