×
A
A
A
Sazlamalar

“Azəriqaz”ın baş direktoru regionların qazlaşdırılması istiqamətində görülən işlərlə tanış olub

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB tərəfindən bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması, habelə qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
İB-dən AZƏRTAC-a bildirilib ki, Birliyin baş direktoru Ruslan Əliyev görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə regionlara səfər edir.
Birlik rəhbəri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə rayonun Yemişanlı kəndində qazlaşdırılma işlərinin son vəziyyəti ilə yaxından maraqlanıb. Baş direktora məlumat verilib ki, kəndin küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə uzunluğu 31 min 480 metr müxtəlif diametrli polad borulardan istifadə olunacaq. Artıq 10 min 45 metr uzunluğunda xəttin çəkilişi işləri yekunlaşıb.
Ruslan Əliyev qış aylarında havanın kəskin dəyişəcəyini bildirərək, işlərin daha sürətli şəkildə yekunlaşdırılmasına dair tapşırıq verib. Daha sonra bir qrup Birlik əməkdaşı “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
Növbəti səfər İsmayıllı rayonunun Qoşakənd kəndinə olub. Ruslan Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilə birlikdə kənddə görülən işləri yaxından izləyiblər. 212 fərdi yaşayış evi olan kəndin küçə qaz xətlərinin çəkilməsi üçün 13 min 500 metr uzunluqda xəttin 10 min metr hissəsinin çəkildiyini öyrənən baş direktor bu ünvanda da işlərin daha tez yekunlaşdırılması ilə bağlı göstəriş verib. Görüş zamanı işçilərin qayğıları ilə maraqlanan baş direktor bir qrup Birlik əməkdaşını “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə fəxri fərman və hədiyyə ilə mükafatlandırıb.

Regionlar 2022-09-22 15:20:00