×
A
A
A
Sazlamalar

Ukrayna 215 hərbçisini əsirlikdən qaytarıb

Kiyev, 22 sentyabr, AZƏRTAC

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi çərçivəsində 215 ukraynalı hərbçi, o cümlədən 108 “Azov” döyüşçüsü geri qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Aparatının rəhbəri Andrey Yermak telemarafonun efirində məlumat verib.
"Bu, Rusiya ilə müharibənin başlanğıcından bəri əldə etdiyimiz ən güclü nəticədir", - deyə Yermək əlavə edib.
O bildirib ki, əsirlərin mübadiləsi zamanı bir çox tanınmış ukraynalı “Azov” döyüşçüsü geri qaytarılıb.
“Əldə olunan razılaşmalara əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında 5 komandirimizin mühafizəsi və təhlükəsizliyi təmin edilib. Onlar müharibə bitənə qədər Ukraynaya qayıtmayacaqlar”, - deyə Yerbak bildirib.
Onun sözlərinə görə, bundan əlavə, 10 əcnəbi döyüşçü də rus əsirliyindən qayıdıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Vasili Malyuk isə bildirib ki, Ukrayna məhbus mübadiləsi çərçivəsində Ali Radanın keçmiş deputatı Viktor Medvedçuku Rusiyaya təhvil verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-09-22 11:06:00