×
A
A
A
Sazlamalar

"Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": Xarıbülbül

Bakı, 22 sentyabr, AZƏRTAC

"Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə müxtəlif təqdimatlarla davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimatlardan biri Vətən müharibəsi zəfərinin simvolu olan Xarıbülbülə həsr olunub.
Yalnız Qarabağda, xüsusilə Şuşada bitən, orxideyalar fəslinə, ofris cinsinə aid qeyri-adi çiçək olan Xarıbülbülə bu adın verilməsinin səbəbi onun bülbülə bənzəməsidir. Orta boylu, şah qamətli, heyrət doğuran bu çiçəyin digər adı isə Qafqaz qaş səhləbidir.
Xarıbülbüllə bağlı mövcud olan rəvayətlərdən birinə görə ömrünün sonuna qədər vətən həsrəti çəkən İbrahimxəlil xanın qızı, Fətəli şahın həyat yoldaşı Ağabəyim ağanın könlünü şad etmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan müxtəlif ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Əkilən hər şey bitir, təkcə Xarıbülbüldən başqa.
Tarixən Qarabağın simvolu olan Xarıbülbül Vətən müharibəsi başlayandan öz əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu ilə zəfər simvoluna çevrilməyə başladı. Otuz ildən sonra düşmən əsarətindən azad edilən Azərbaycan torpaqları kimi Xarıbülbül də qəfəsdən çıxıb, azaddır, rahat nəfəs alır. Bu gün Xarıbülbül həm də Vətən uğrunda canını fəda edən şəhidlərimiz deməkdir.

Mədəniyyət 2022-09-22 11:04:00