×
A
A
A
Sazlamalar

Tanınmış jurnalist Tahir Abbaslının “Publisistik taktlar” kitabının təqdimatı keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Mətbuat Şurasında ustad jurnalist, yazıçı-publisist Tahir Abbaslının (1948-2021) “Publisistik taktlar” kitabının təqdimatı keçirildi. Nəşr Tahir Abbaslının vəfatından sonra işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Tahir Abbaslını peşəkar, kəsərli qələmi, özünəməxsus üslubu olan və ən əsası, peşəsinə hər zaman vicdanla yanaşan, mətbu sözün dəyərini uca tutan jurnalistlərdən biri kimi tanıdığını deyib. Qeyd edib ki, mərhum jurnalist bu yüksək peşə keyfiyyətlərini uzun illər çalışdığı mətbuat orqanlarında, eləcə də Azərbaycan Radiosu və Televiziyasında fəaliyyəti dövründə sübut edib. Tahir Abbaslının jurnalist ömrünün son illəri "Mədəniyyət" qəzeti ilə bağlı olub. Təqdim olunan kitabda onun "Mədəniyyət" qəzetində çap olunmuş publisistik yazılarından seçmələr toplanıb. Əflatun Amaşov nəşrin ərsəyə gəlməsinə görə “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürünü bildirib.
“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev təqdimat mərasiminin təşkilinə görə Mətbuat Şurasına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Tahir Abbaslının incəsənət, ədəbiyyat, tarixi-mədəni irslə bağlı yazıları bədii publisistikanın dəyərli nümunələridir. Nəşrdə onun “Mədəniyyət” qəzetində 2011-2021-ci illərdə dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı, böyük sevgi və yüksək publisistik dillə qələmə alınmış yazılarından 55 nümunə yer alıb. Kitabda yazılar “Musiqidə obrazlaşanlar”, “Söz ömrü qazananlar”, “Səhnə və ekran fədakarları”, “Rənglərin dünyasından” və “Tarixi yaddaş” adı ilə beş bölmədə təqdim edilir.
Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Tahir Aydınoğlu uzun illər dost və həmkar olduğu Tahir Abbaslı haqqında fikirlərini bölüşüb. Bildirib ki, onu həyat özü jurnalistikaya hazırlamışdı: “Tahiri ilk vaxtlarda tanıdan Azərbaycan Radiosundakı fəaliyyəti olub. Onu sonra televiziyaya dəvət etdilər. O, ömrü boyu sadə həyat yaşadı. Tahirin əziz xatirəsi həmkarlarının, onun qələminin dəyərini bilən oxucuların qəlbində yaşayacaq”.
Tədbirdə daha sonra AMEA Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, “Şuşa” qəzetinin redaktoru, tədqiqatçı Vasif Quliyev, diaspor fəalı Qənimət Səfərov, “Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi” İctimai Birliyinin sədri Mədət Məmmədov, şair-tərcüməçi Akif Əhmədgil, "Xalq qəzeti"nin əməkdaşı Namiq Əhmədov, "Mədəniyyət" qəzetinin baş redaktor müavini Fariz Yunisli, qəzetin əməkdaşı Həmidə Rüstəmova və başqaları çıxış edərək Tahir Abbaslının yüksək peşəkarlıq və insani keyfiyyətlərindən söz açıblar, xatirələrini bölüşüblər.
Bildirilib ki, Tahir Abbaslı bütün həyatı boyu sözlə nəfəs alıb. O, fəaliyyəti dövründə həmişə haqq-ədalətin carçısı olub, milli düşüncənin yorulmaz təbliğatçısı kimi tanınıb.
Qeyd edək ki, “Mədəniyyət” qəzetinin layihəsi olaraq “Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyev, dizayneri Cavid Sərxanbəyli, korrektoru Səbinə Əlibalaqızıdır.


 

Mədəniyyət 2022-09-22 10:59:00