×
A
A
A
Sazlamalar

Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir

Bakı, 22 sentyabr, AZƏRTAC

“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Qafqazın sənət məbədi, Azərbaycanın dilbər guşəsi olan Şuşa ilə bağlı bir maraqlı eskizə həsr olunub.
Teatr rəssamı Fyodor Qusak tərəfindən çəkilmiş və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan bu eskizdə dahi şairimiz, ictimai xadim Molla Pənah Vaqifin məzarının təsviri verilib. Eskizdən də göründüyü kimi şairin dəfnindən sonra onun məzarı üzərində kiçik bir türbə tikilibmiş. Tariximizin silinməsi istiqamətində aparılan siyasət nəticəsində sonralar o, ermənilər tərəfindən dağıdılıb. Rəssam Fyodor Qusak türbənin məhz dağıntıdan sonrakı mənzərəsinin təsvirini verib. Əsər tariximizin bu məqamını görükdürən danılmaz bir fakt kimi böyük əhəmiyyət kəsb edir.
Tarixə nəzər salsaq, deməliyik ki, sonralar Cıdır düzünə yaxın bu ərazidə dahi şairin məzarı üstündə muzey-məqbərə kompleksi inşa edilib. Bu məqbərə ilk dəfə 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ucaldılıb. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsində ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin büstü qoyulmuşdu. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi. Məqbərənin açılış mərasimində ulu öndər Heydər Əliyev Vaqif Poeziya Günlərinin qeyd edilməsi ilə bağlı göstəriş də vermişdi. Beləliklə həmin tarixdən etibarən hər il 29 iyul–3 avqust tarixlərində şairin vətəni Qazaxdan başlayaraq Şuşada yekunlaşan Vaqif Poeziya Günləri keçirilirdi.
Lakin 1992-ci ildə may ayının 8–də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Qarabağ ərazisindəki bütün tarixi-memarlıq abidələrimiz kimi bu kompleks də erməni vandalizminin qurbanı oldu. Mənfur düşmən Azərbaycanın burada sərgilənən dini, milli-mənəvi və tarixi irsini əks etdirən eksponatların bir qismini mənimsədi, qalanını isə məhv etdi.
2020-ci il noyabrın 8-də Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuzun şanlı Qələbəsindən sonra azad olunan torpaqlarımızın sırasında mədəniyyət beşiyimiz Şuşa da düşmən tapdağı altından xilas oldu. Xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağda aparılan bərpa və yenidənqurma tədbirləri çərçivəsində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi tarixi görkəmi qorunub saxlanılmaqla yenidən ucaldıldı.



 

Mədəniyyət 2022-09-22 10:43:00