×
A
A
A
Sazlamalar

Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfransa məqalə qəbul edilir

Bakı, 22 sentyabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Azərbaycanın tanınmış alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin irsi ilə bağlı oktyabrın 19-da keçiriləcək elmi konfransa məqalə və tezislərin qəbulu aparılır.
MEK-dən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətinin araşdırılması və bu sahədə tədqiqatçıların yaradıcılığının stimullaşdırılmasıdır.
Konfransın mövzuları Nəsirəddin Tusinin Azərbaycan elmində yeri, riyazi və siyasi irsi, məntiqi və fəlsəfi görüşlərinə həsr edilib. Konfransda tədqiqatçılar tezis və ya məqalə ilə iştirak edə bilərlər. Məruzəçi tərəfindən ödəniş tələb olunmur. Məruzələr çıxışdan sonra çap ediləcək. Konfransda çıxış etməyən məruzəçinin məqaləsi (tezisi) çap olunmayacaq. Tezis və məqalələrin tərtibatına qoyulan tələblərlə MEK-in saytında və feysbuk səhifəsində tanış olmaq mümkündür. Tezis və məqalələr oktyabrın 10-dək [email protected] ünvanına göndərilməlidir. Hibrid formatda təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

Elm və təhsil 2022-09-22 10:26:00